Ermənistanın Avropa İttifaqına (Aİ) daxil olmaq istəyi onun xalqının qanuni hüququdur, lakin belə kurs ölkənin Avrasiya İqtisadi İttifaqında (Aİİ) gələcək iştirakı üçün çətinliklər yaradır.
Bu barədə Rusiya Prezidenti Vladimir Putin Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammiti çərçivəsində Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşündə bildirib.
“Ermənistanın Aİ-yə daxil olmağa can atması ölkənin və xalqın təbii, qanuni hüququdur. Ermənistan suveren dövlətdir. Öz inkişaf istiqamətini müəyyənləşdirmək Ermənistan xalqının hüququdur. Lakin bu, Aİİ-də qalmağa çətinliklər yaradır”, – Putin deyib.
Görüş zamanı Putin Paşinyanın Ermənistanın Aİİ-dən çıxmaq barədə bəyanat vermədiyi ilə bağlı mövqeyi ilə də razılaşmayıb.
Rusiya liderinin sözlərinə görə, Ermənistanın başqa iqtisadi təşkilata daxil olmaq prosedurunun başlanması haqqında qanun qəbul etməsi faktiki olaraq Aİİ-dən çıxmaq barədə bəyanat deməkdir, çünki eyni vaxtda iki təşkilatda üzvlük mümkün deyil.