“Bildiyiniz kimi, 2026-cı il 14 iyul tarixində Milli Məclis tərəfindən qəbul olunan rəqəmsal texnologiyalar sahəsində güzəşt və imtiyazlar nəzərdə tutan 453 nömrəli qanun Azərbaycan Prezidenti tərəfindən Azərbaycan Konstitusiyasının 110-cu maddəsinə uyğun olaraq Milli Məclisə geri qaytarılıb”.
Bunu Prezidentin köməkçisi Şahmar Mövsümov Milli Məclisin payız sessiyasında keçirilən ilk iclasında bildirib.
“Bu müddət ərzində həmin qanun aidiyyəti dövlət orqanları ilə birlikdə təkrar müzakirə olunub və təkmilləşdirilərək Milli Məclisin müzakirəsinə təqdim edilib. Qanun layihəsinə yenidən baxılması üçün Milli Məclisə qaytarılması onun müddalarının təkmilləşdirilməsinə, dövlət dəstəyinin hədəflərinin və tətbiq mexanizminin dəqiqləşdirilməsinə şərait yaradıb. Təqdim olunan layihə məhz bu çağırışa cavab verməyə yönəlib.
Layihənin konseptual mahiyyəti ayrı-ayrı vergi və güzəştlərlə məhdudlaşmır, rəqəmsal ekosistem üçün vacib olan mütəxəssis, investor, tədqiqat və bazar həlqələrinin vahid təşviq yanaşması ilə birləşdirir və innovasiyanın yeni məhsul və xidmətlərə çevrilməsinə şərait yaratmağı hədəfləyir”, – Prezidentin köməkçisi qeyd edib.
Daxilqızı