“Onlar məsuliyyətə cəlb olunmalı, ən sərt cəza tədbiri görülməlidir”

“Onlar məsuliyyətə cəlb olunmalı, ən sərt cəza tədbiri görülməlidir”

“Son zamanlar qardaş Türkiyənin bəzi media resurslarında və sosial şəbəkə seqmentlərində Azərbaycana qarşı qərəzli və aqressiv hücumların şahidi oluruq”.

Bunu deputat Bəhruz Məhərrəmov Milli Məclisin payız sessiyasında keçirilən ilk iclasında bildirib.

“Amma təbii ki, bu çirkin kampaniyalar nə Türkiyə dövlətinin rəsmi iradəsini, nə də türk xalqının qardaşlıq mövqeyini ifadə edir! Sarsılmaz “Bir millət, iki dövlət” birliyinə kölgə salmağı hədəfləyən bu hücumların arxasında türk adı altında gizlənən daşnak qalıqları, kənar kəşfiyyat şəbəkələri və regionda formalaşmış yeni reallığı həzm edə bilməyən anti-Azərbaycan mərkəzləri dayanır.

Bu təxribatların maliyyə mənbələri, idarəetmə mərkəzləri və problemin qaynaqlandığı konkret mənbələrin aşkarlanaraq ifşa edilməsi artıq zərurətə çevrilib. Bu məqsədlə təklif edirəm ki, strateji müttəfiqimiz olan dövlətlərlə, ilk növbədə Türkiyə ilə aidiyyəti hüquq-mühafizə və xüsusi xidmət orqanları da cəlb edilməklə parlamentlərin nəzarətində birgə Təhqiqat Qrupları formalaşdırılsın. Bu təxribatları törədənlər hüquqi məsuliyyətə cəlb olunmalı, onlara qarşı ən sərt cəza tədbirlərinin görülməsinə nail olunmalıdır. Ən azı Türkiyə ilə imzalanmış Şuşa Bəyannaməsinin tələbidir ki, müttəfiqliyimiz yalnız diplomatik masada deyil, eyni zamanda informasiya cəbhəsində də eyni qətiyyətlə qorunmalıdır!”, – deputat qeyd edib.

Spiker Sahibə Qafarova deputatın fikirləri ilə razılaşmayıb: “Siz Türkiyədə “sistemli şəkildə” sözünü işlətdiniz. Orda səslənən fikirlərə sistemli şəkildə demək olmaz. Biz Azərbaycan xalqı adından buna “sistemli” deyə bilmərik”.

Daxilqızı 

Qafqazinfo.