“Prezidentin açıqlamalarında konkret rəqəmlərin səsləndirilməsi təsadüfi deyil”

“Prezidentin açıqlamalarında konkret rəqəmlərin səsləndirilməsi təsadüfi deyil”

“11 avqust 2026-cı ildə Prezident İlham Əliyevin Naxçıvana səfəri ilk baxışda regionun sosial-iqtisadi inkişafı, infrastruktur layihələri ilə bağlı növbəti işgüzar səfər təsiri bağışlasa da, səfər çərçivəsində verilən mesajların məzmunu bundan daha geniş siyasi və geosiyasi çərçivəyə malikdir”.

Bu fikirləri Mətbuat Şurasının İdarə Heyətinin üzvü Yeganə Hacıyeva bildirib.

Onun sözlərinə görə, Prezidentin Naxçıvanda verdiyi müsahibə və səfər zamanı təqdim olunan layihələr göstərir ki, Bakı Naxçıvanın gələcəyini artıq yalnız Azərbaycanın ayrılmaz hissəsi olan muxtar respublikanın inkişafı kontekstində deyil, Cənubi Qafqazın yeni nəqliyyat, enerji və geoiqtisadi arxitekturasının mühüm elementi kimi nəzərdən keçirir:

“Səfərin ən mühüm mesajlarından biri Naxçıvanın Azərbaycanın coğrafi baxımdan təcrid olunmuş hissəsi kimi deyil, gələcək regional kommunikasiyaların əsas qovşaqlarından biri kimi təqdim edilməsidir.

Prezidentin açıqlamalarında Naxçıvanın Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin kəsişmə nöqtəsinə çevrilməsi perspektivi xüsusi yer tutur. Bu yanaşma Naxçıvanın geosiyasi əhəmiyyətini əhəmiyyətli dərəcədə artırır. Çünki belə bir modeldə Naxçıvan Azərbaycanın uzaq vilayəti deyil, regiondan keçən müxtəlif istiqamətləri birləşdirən strateji tranzit mərkəzi rolunu oynaması nəzərdə tutulur.

Qeyd edim ki, Prezidentin səfərinin ən mühüm geosiyasi mesajlarından biri kimi Azərbaycanın gələcək inkşaf gündəliyində Zəngəzur istiqamətindəki kommunikasiyanın artıq yalnız avtomobil və dəmir yolu xəttindən ibarət layihə kimi nəzərdən keçirilmədiyini bəlli etdi.

Söhbət gələcəkdə elektrik enerjisi xətlərinin, fiber-optik rabitənin, eləcə də digər enerji və kommunikasiya infrastrukturlarının bu marşruta inteqrasiyasından gedir. Belə yanaşma isə layihənin mahiyyətini kardinal dəyişir.

Söhbət sadəcə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında nəqliyyat əlaqəsinin bərpasından deyil, çoxfunksiyalı regional kommunikasiya sisteminin yaradılmasından gedir.

Qeyd edim ki, Prezidentin açıqlamalarında konkret rəqəmlərin səsləndirilməsi təsadüfi deyil.

Ermənistan ərazisində təxminən 42 kilometrlik dəmir yolu hissəsinin tikintisinin 2026-cı ildə başlanmasının nəzərdə tutulması, Azərbaycanın öz dəmir yolu xəttinin 2027-ci ildə Ermənistan sərhədinə çatdırılması və Naxçıvanda 194 kilometrlik dəmir yolunun yenidən qurulması ilə bağlı planlar göstərir ki, Azərbaycan layihəyəyə artıq nəzəri perspektiv kimi deyil, praktiki icra prosesi kimi yanaşır. Naxçıvan dəmir yolunun illik yükdaşıma imkanının təxminən 1,5 milyon tondan ən azı 15 milyon tona çatdırılması planı isə layihənin regional miqyasını daha aydın göstərir.

Azərbaycan artıq bu kommunikasiyaların yaradılması üçün işin öz hissəsini həyata keçirir və regiondakı digər aktorları prosesə qoşulmağa çağırır.

Prezidentin açıqlamalarından tam aydın olur ki, layihə yalnız Azərbaycanın maraqları baxımından təqdim etmir. Prezident enerji və kommunikasiya imkanları ilə bağlı açıqlamalarında Ermənistanın da bu yeni regional sistemdən iqtisadi və enerji baxımından faydalana biləcəyi vurğuladı. Ermənistan ərazisindən keçəcək enerji xəttlərinin təkcə Naxçıvan və Türkiyə üçün deyil, Ermənistanın öz enerji sisteminin inkişafı baxımından da potensial imkanlar yarada biləcəyi qeyd olundu. Beləliklə də Ermənistan regional kommunikasiya  sisteminin qarşısını alan ölkə deyil, həmin sistemin iqtisadi iştirakçısına çevrilə bilər. Bu isə sülh prosesinin iqtisadi dəyərini gücləndirən yanaşmadır. 

Xüsusi vurqulamaq istəyirəm ki, Naxçıvanın strateji əhəmiyyəti yalnız Azərbaycan-Türkiyə     münasibətləri çərçivəsi ilə məhdudlaşmır. Onun coğrafi mövqeyi Naxçıvanı eyni zamanda Türkiyə, İran, Azərbaycan və daha geniş Avrasiya nəqliyyat sistemləri arasında potensial keçid nöqtəsinə çevirir. Beləliklə, gələcəkdə bir neçə istiqamət paralel şəkildə formalaşa bilər: 

Şərq-Qərb marşrutu ilə Mərkəzi Asiya, Azərbaycanın Naxçıvan ərazisi, Türkiyə və Avropa xətti və bir də  Şimal Cənub marşrutları ilə Azərbaycan Naxçıvan ərazisi, İran və Fars körfəzi xətti. 

Səfərin digər mühüm istiqamətindən biri də enerji layihələri ilə bağlıdır. Naxçıvanın günəş enerjisi potensialının böyük həcmdə olması, yeni enerji istehsalı imkanlarının yaradılması və gələcəkdə elektrik enerjisinin ixracı perspektivi göstərir ki, Prezident Naxçıvanı yalnız enerji istehlakçısı kimi deyil, enerji istehsalçısı və ixracatçısı kimi də formalaşmasını istəyir.

Qeyd etməliyəm ki, bu istiqamətdə Naxçıvanın Türkiyə və daha sonra Avropa enerji bazarlarına çıxış imkanları ayrıca strateji əhəmiyyət daşıyır.

Beləliklə, gələcək regional model yalnız “nəqliyyat dəhlizi” deyil, nəqliyyat, enerji, rəqəmsal kommunikasiya modelinə çevrilə bilər”.

Qafqazinfo.