“Hazırda Bakı Metropolitenində xüsusi əhəmiyyət kəsb edən böyük bir layihənin icrasına start verilib. Layihənin əsas mahiyyəti xətlərin ayrılmasından ibarətdir. Belə ki, bundan sonra yaşıl və qırmızı xətlərin ayrılması prosesinin icrası həyata keçiriləcək”.
Bunu jurnalistlərə açıqlamasında Bakı Metropoliteninin baş mühəndisi Namiq Yusubov bildirib.
Onun sözlərinə görə, ilkin olaraq xətləri ayırmaq üçün hər bir xəttin – yaşıl və qırmızı xətlərin müstəqil şəkildə fəaliyyət göstərən deposu olmalıdır: “Bununla bağlı layihənin icrasına mərhələli şəkildə başlanılıb. İlkin olaraq Dərnəgül deposunun tikintisindən start verildi. Bununla əlaqədar olaraq, ümumilikdə 25 qanovdan hazırda 12 qanov istismara verilmişdi ki, burada yaşıl xətt üzrə hərəkət edəcək qatarların texniki baxışı, gündəlik istismarının təşkil olunması üçün şərait yaradılsın.
2 kilometrə yaxın məsafədə Dərnəgül deposuna gedən yollar inşa olunub. Müəyyən mühəndis-texniki qurğuların inşasına başlanılıb. Qanovlarda işçilər üçün şərait yaradılıb ki, məhz təmir işlərinin həyata keçirilməsi icra olunsun. Dərnəgül deposu artıq ikinci mərhələdə olsa da, istismarına başlanıldığından, bununla əlaqədar olaraq işçi heyətinin də ayrılması həyata keçirilmişdi.
Qırmızı xətt üzrə hərəkətin təşkili Həzi Aslanov stansiyasından İçərişəhər stansiyasına qədər təşkil olunacaq”.
N. Yusubov əlavə edib ki, yaşıl xətt üzrə isə Dərnəgül stansiyasından Nizami stansiyasına qədər hərəkət təşkil olunacaq: “Ümumilikdə xətlərin ayrılması işlərinin tam olaraq yekunlaşdırılması 11 ay yaxın müddətdə planlaşdırılmışdı ki, bu müddət ərzində birləşdirmə tunelinin inşasından sonra Metropolitendə artıq yaşıl və qırmızı xətlər müstəqil şəkildə fəaliyyətini davam etdirəcək.
Bununla da əlaqədar olaraq artıq hərəkətin çevikliyi, dayaqlılığın təmin olunması, intervalların üzərində kifayət qədər təkmil həllərin təmin olunması işlərinə başlanılacaq. Bu müddət ərzində sərnişinlərimizdən maksimum anlayışlı olmağı xahiş edirik. Çünki həmin ərəfədə hərəkətin təşkili ilə bağlı kifayət qədər çətinliklər ola bilər”.
Gülnar Əliyeva