Pakistan Qırğızıstana Kəraçi və Qvadar limanlarına çıxış təklif edib

Pakistan Qırğızıstana Kəraçi və Qvadar limanlarına çıxış təklif edib

Pakistan Qırğızıstana ölkə limanlarına, o cümlədən Kəraçi və Qvadar limanlarına nəqliyyat yollarının açılması üçün geniş imkanlar təklif edir.

Bunu Pakistanın Baş naziri Şahbaz Şərif Bişkekdə Qırğızıstan Prezidenti Sadır Japarovla danışıqlar zamanı bildirib.

O vurğulayıb ki, İslamabad Bişkeklə hərtərəfli əməkdaşlığın gücləndirilməsinə xüsusi önəm verir və əldə olunmuş razılaşmaların həyata keçirilməsi üzrə birgə fəal işə hazır olduğunu təsdiqləyib.

Ş.Şərifin sözlərinə görə, dinamik siyasi dialoq ölkələr arasında ticari-iqtisadi əlaqələrin gələcək inkişafı üçün etibarlı zəmin yaradır. Bununla əlaqədar o, yaxın illərdə ikitərəfli ticarət dövriyyəsini illik 200 milyon dollara çatdırmağı qarşıya hədəf qoyub.

Baş nazir həmçinin Qırğızıstan rəhbərliyini və xalqını ölkənin müstəqilliyinin 35 illiyi, Şanxay Əməkdaşlıq Təşkilatı sammitinin uğurla keçirilməsi və VI Dünya Köçəri Oyunlarının açılışı münasibətilə təbrik edib.

Danışıqların yekununda S.Japarov və Ş.Şərif iki ölkə arasında dostluq, qarşılıqlı etimad və anlaşmanın yüksək səviyyədə olduğunu vurğulayıblar.

Bundan başqa, tərəflər siyasi, ticari-iqtisadi, hüquq-mühafizə, təhsil, elmi-texniki və humanitar sahələri əhatə edən 15 ikitərəfli sənəd imzalayıb və mübadilə ediblər.

İki ölkə liderləri əldə olunmuş razılaşmaların Qırğızıstan-Pakistan tərəfdaşlığı çərçivəsində konkret layihələrin və yeni təşəbbüslərin həyata keçirilməsi üçün zəmin yaradacağına əminliklərini bildiriblər.

Report.