Özbəkistan və Cənubi Koreya arasında 12 milyard dollarlıq yeni layihələr razılaşdırılıb

Özbəkistan və Cənubi Koreya arasında 12 milyard dollarlıq yeni layihələr razılaşdırılıb

Özbəkistan və Cənubi Koreya ümumi məbləği təxminən 12 milyard dollar olan yeni layihələr hazırlayıblar.

Bu barədə Özbəkistan prezidentinin mətbuat xidməti məlumat yayıb.

Seula səfəri çərçivəsində Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Cənubi Koreya Prezidenti Li Çje Myon ilə danışıqlar aparıb. Tərəflər Özbəkistan-Koreya xüsusi strateji tərəfdaşlığının gələcək inkişafını və dərinləşdirilməsini müzakirə ediblər.

Səfərin yekunlarına əsasən, həmçinin Koreya İxrac-İdxal Bankı ilə 8 milyard dollarlıq strateji tərəfdaşlıq proqramı qəbul edilib.

Qabaqcıl Koreya texnologiyaları və Özbəkistanın resurs-sənaye potensialı əsasında innovasiya və texnologiya alyansının formalaşdırılmasına xüsusi diqqət yetirilib. Onun fəaliyyətinin informasiya texnologiyaları, kibertəhlükəsizlik, tibb, səhiyyə və əczaçılıq sahələrində yüksək və rəqəmsal texnologiyalar üzərində cəmləşdirilməsi nəzərdə tutulur.

Hazırda Özbəkistanda Koreya kapitalı iştirakı ilə 700-dən çox birgə müəssisə fəaliyyət göstərir. Ölkə iqtisadiyyatına qoyulan Koreya investisiyalarının ümumi həcmi 8 milyard dolları ötüb.

Bundan əlavə, iki ölkə liderləri Səmərqənddə ikinci regionlararası forumu keçirmək barədə razılığa gəliblər.

Danışıqlar zamanı təhsil və kadr hazırlığı sahəsində əməkdaşlığa xüsusi diqqət yetirilib. Özbəkistanda Cənubi Koreya universitetlərinin dörd filialı və KOICA-nın yardımı ilə yaradılmış beş peşə təlimi mərkəzi fəaliyyət göstərir.

Report.