TƏBiB-in dəstəyi ilə Bakı Baş Səhiyyə Mərkəzinin keçirdiyi “Qızıl yaşlar. Sağlam və fəal həyat üçün” şüarı ilə 65 yaşdan yuxarı şəxslərin profilaktik tibbi müayinələri davam etdirilir.
Bakı Baş Səhiyyə Mərkəzindən verilən məlumata görə, iyul ayı ərzində 11 260 nəfər profilaktik tibbi müayinələrə cəlb olunub, onlardan 2 866 nəfərə evdə tibbi xidmət göstərilib, ümumi müayinə olunan şəxslərdən 876 nəfəri əlilliyi olan şəxslərdir, 32 nəfərdə isə əlillik meyarına uyğun xəstəlik aşkar olunub.
Profilaktik tibbi müayinələr nəticəsində ilkin aşkar olunan xəstə sayı 808 nəfərdir. Həmin şəxslərdə 1 446 müxtəlif xəstəliklər aşkar edilib. Müayinələr zamanı 502 nəfərdə qan-dövranı sisteminin xəstəlikləri, 186 nəfərdə endokrin sistemin xəstəlikləri, maddələr mübadiləsi və qidalanma pozuntuları, 172 nəfərdə həzm sisteminin xəstəlikləri, 111 nəfərdə sidik-cinsiyyət sisteminin xəstəlikləri və digər xəstəliklər aşkar edilib.