Azərbaycanda kiçik və orta bizneslər (KOB) üçün maliyyəyə çıxış əsas çağırış olaraq qalır.
Bunu İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Qara Dəniz Ticarət və İnkişaf Bankının Rəhbərlər Şurasının 28-ci İllik Toplantısı çərçivəsində keçirilən biznes forumda deyib.
Onun sözlərinə görə, ölkəmiz neft və qazdan kənar iqtisadiyyatın şaxələndirilməsi strategiyasını davam etdirdiyi üçün qeyri-enerji sektorunun, xüsusilə də qeyri-enerji KOB-larının inkişafı hökumət üçün milli prioritetə çevrilib: “Son illərdə mühüm irəliləyişlər əldə olunsa da, KOB-lar hələ də bir sıra ciddi çağırışlarla üzləşirlər. İlk növbədə, bugünkü müzakirə mövzularından biri olan maliyyəyə çıxış problemi KOB-lar üçün ən böyük çağırışlardan biri olaraq qalır. Son illərdə maliyyə imkanları genişlənsə də, bir çox mikro və kiçik sahibkarlıq subyektləri əlçatan və uzunmüddətli maliyyə resurslarına çıxışda, eləcə də yüksək girov tələbləri səbəbindən çətinliklərlə üzləşirlər. Biz bu problemi bilirik və agentliyimiz, eləcə də digər dövlət qurumları bu istiqamətdə çalışırlar”.