Azərbaycandakı kiçik və orta biznes (KOB) subyketləri üçün beynəlxalq standartlara uyğunlaşma prioritetdir.
Bunu İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Qara Dəniz Ticarət və İnkişaf Bankının Rəhbərlər Şurasının 28-ci İllik Toplantısı çərçivəsində keçirilən biznes forumda deyib.
Onun sözlərinə görə, biznes üçün digər mühüm çağırış ixrac hazırlığıdır: “Azərbaycan məhsullarının xarici bazarlarda uğur qazanmaq üçün böyük potensiala malik olduğunu bilirik. Lakin bir çox KOB beynəlxalq bazarlara çıxış və xüsusilə beynəlxalq standartlara uyğunlaşma baxımından hələ də dəstəyə ehtiyac duyur. Buraya sertifikatlaşdırma, güclü brendlərin formalaşdırılması, qablaşdırmanın təkmilləşdirilməsi və yeni bazarlara çıxış daxildir. Hazırda ən mühüm istiqamətlərdən biri də rəqəmsal transformasiya və “yaşıl keçid”dir. KOB-lar qlobal bazarlarda rəqabətqabiliyyətini qorumaq üçün öz bizneslərini rəqəmsal texnologiyalara daha sürətlə uyğunlaşdırmalı, enerji səmərəliliyini artırmalı və davamlı biznes təcrübələrini tətbiq etməlidirlər”.