Sosial media platformalarında Qətər Əmiri Şeyx Təmim bin Həməd Al Tani ilə bağlı yayılan görüntülər izləyicilər tərəfindən böyük maraq və təəccüblə qarşılanır. Xüsusilə rəsmi görüşlərdə və xalqla təmas zamanı insanların dövlət başçısının burnundan öpməsi bir çoxlarında sual işarəsi yaratsa da, bu hərəkətin arxasında Ərəbistan yarımadasının minillik mədəni kodu dayanır.
Azərbaycaninfo xəbər verir ki, əslində bu jest yalnız Qətərə məxsus olmayıb, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və Küveyt kimi ölkələri əhatə edən geniş bir coğrafiyanın ən ali salamlaşma formasıdır. Bədəvi mədəniyyətindən gələn bu ənənə “Xaşm” adlanır. Ərəb dünyasında burun sadəcə bir üzv deyil, insanın qürurunu, ləyaqətini və nəsil şəcərəsini təmsil edən ən mühüm simvoldur. Bir insanın burnundan öpmək, ona olan sonsuz ehtiramın və “səni özümdən üstün tutur, nüfuzun qarşısında baş əyirəm” ismarışının vizual ifadəsidir.
Bu salamlaşma ritualı həm də tərəflər arasındakı səmimiyyətin və mənəvi bağlılığın ən yüksək həddini nümayiş etdirir. Qərb diplomatik protokolunda əl sıxmaq nə qədər əhəmiyyətlidirsə, Körfəz mədəniyyətində burnundan öpmək və ya burun-buruna toxunmaq bir o qədər səmimi, doğma və “kübar” hərəkət hesab olunur. Məhz buna görə də xalqın öz rəhbərinə yaxınlaşaraq bu cür salamlaşması, onların dövlət başçısını sadəcə bir rəsmi şəxs kimi deyil, ailənin bir üzvü və böyüyü kimi gördüklərinin əsas sübutu sayılır.