“Aid Group” xaricdə təhsil şirkətinin rəhbəri və aparıcı Nigar Fərhadın saxlanıldığı bildirilir.
Bu barədə informasiya məlumatlı mənbələrdən daxil olub.
İddiaya görə çoxsaylı şikayətlər və dələduzluq ittihamları əsasında hüquq-mühafizə orqanları tərəfindən Nigar Fərhad və şirkətin məsul əməkdaşları saxlanılaraq ifadələri alınır və araşdırmalar aparılır. Həmçinin Nigar Fərhada aid mobil nömrə və sosial media hesablarının, eləcə də şirkətin səhifələrinin araşdırma predmeti kimi müvəqqəti olaraq nəzarətə götürüldüyü və fəaliyyətinə fasilə verildiyi də bildirilir.
Məlumatla bağlı Nigar Fərhadla əlaqə saxlamağa çalışsaq da, o, cəhdlərimiz zamanı əlçatan olmadı. Sonradan üçüncü şəxs vasitəsilə göndərdiyi mesajda Nigar Fərhad yuxarıdakı iddiaları inkar edərək həqiqət olmadığına israr etdi.
Qeyd edək ki, Nigar Fərhadın şirkətinə böyük miqdarda pullar ödəyən şikayətçilər son aylarda mediaya çoxsaylı müraciətlər edərək vəsaitlərini geri ala bilmədiklərini iddia edirdilər.