Bu ilin yanvar-iyun aylarında Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi “ASAN xidmət” mərkəzi vasitəsilə sahibkarlara əczaçılıq, baytarlıq, tikinti və digər fəaliyyət növləri üzrə ümumilikdə 25 lisenziya verib.
Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 8,7 % çoxdur.
Bundan başqa, 6 ay ərzində Naxçıvanda müvafiq qurumlarının verdiyi 3 258 icazə reyestrdə qeydiyyata alınıb, verilmiş icazələr əsasında dövlət büdcəsinə 77,2 min manat vəsait daxil olub.
Hesabat dövründə Muxtar Respublikada yeni istehsal və xidmət sahələrinin yaradılması, eləcə də mövcud layihələrin genişləndirilməsi istiqamətində 141 layihə icra olunub. Bu layihələrdən 30-u yeni yaradılma, 111-i isə mövcud layihələrin genişləndirilməsi üzrə həyata keçirilib. Eyni zamanda, 36-sı yaradılma və 52-si genişləndirmə olmaqla, ümumilikdə 88 layihənin icrası davam etdirilib.