Bu ilin yanvar-avqust aylarında Naxçıvan Muxtar Respublikasında (MR) fəaliyyət göstərən vergi ödəyicilərinə xidmət mərkəzlərində 30 749 şəxs qəbul edilib.
Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən “Report”un yerli bürosuna verilən məlumata görə, hesabat dövründə vergi qanunvericiliyi və inzibatçılığı ilə bağlı sualların cavablandırılması, vergi uçotu, qeydiyyat, bəyannamələrin qəbulu, cari vergi ödənişləri və digər məsələlər üzrə ümumilikdə 45 098 xidmət göstərilib.
Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 10,3 % çoxdur.
Bildirilib ki, göstərilən xidmətlərin 82 %-ni 9 xidmət növü (şifahi və hazır sənədlərin verilməsi ilə bağlı xidmətlər istisna olmaqla) təşkil edib:
– Bəyannamələrin (hesabatların), cari vergi ödəmələrinin hesablanması barədə arayışın vergi orqanlarına təqdim edilməsi;
– Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbzlərin verilməsi;
– “ASAN İmza” sertifikatının verilməsi;
– Fiziki şəxsin uçota alınması və yenidən uçota alınması;
– Vergi ödəyicisinin uçot məlumatlarının dəyişdirilməsi;
– Vergi ödəyicisinə arayışların verilməsi;
– Vergi ödəyicisinin fəaliyyətinin bərpası;
– Fiziki şəxsin uçotdan çıxarılması;
– Əmək müqaviləsi üzrə elektron informasiya sistemində aparılan əməliyyatlar.
Yanvar-may aylarında vergi ödəyicilərinə məlumatlandırma xarakterli 844 490 bildiriş (məktub) göndərilib, 81 görüş keçirilib, 464 ünvanlı xidmət göstərilib.