Sülhməramlı əməliyyatlarda iştirak Azərbaycan Ordusunun döyüş qabiliyyətinin və hazırlığının, peşəkarlığının artmasına töhfə verib.
Bunu Müdafiə Nazirliyinin (MN) Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin Planlaşdırma və Koordinasiya şöbəsinin rəisi polkovnik Abdulla Abdullayev Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi və nazirliyin birgə hazırladığı “Azərbaycan Ordusunun sülhməramlı əməliyyatlarına dair hesabat”ın təqdimat mərasimində deyib.
Onun sözlərinə görə, Azərbaycanın sülhməramlı missiyasının yaradılması çətin dövrə təsadüf edib.
A.Abdullayev bildirib ki, Azərbaycan Ordusunun sülhməramlı kontingentinin qarşısında müəyyən tapşırıqlar var: “Bu tapşırıqlar hərbçilərin çətin şərait və vəziyyətlərdə həyatda qalmaq və vətənlərinə sağ-salamat geri dönmək üçün zəruri olan qabiliyyət və bacarıqların aşılanması yönündədir.
Azərbaycan Ordusunun hərbi sahədə əməkdaşlığı genişləndikcə, müxtəlif dövlətlərin və beynəlxalq təşkilatların sülhməramlıların hazırlığı sahəsində təcrübələrinin öyrənilməsi üçün də yeni imkanlar açılıb. Azərbaycan Ordusu bu imkanlardan səmərəli şəkildə istifadə edib”.