Azərbaycanda fəaliyyət göstərmək şirkətlərə daha geniş regional bazara daxil olmaq imkanı yaradır.
Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda keçirilən Azərbaycan-Slovakiya biznes forumunda bildirib.
“Siyasət baxımından biz iqtisadi subyektlərimizi investisiya yatırmağa həvəsləndirməkdən çəkinmirik. İnvestisiyaların cəlb edilməsi birinci prioritetimiz olsa da, başlıca hədəfimiz bilik, bacarıq və texnologiya potensialını yüksəltməkdir ki, bu da Azərbaycan iqtisadiyyatı çərçivəsində rəqabətədavamlı şəkildə istehsal edilə biləcək yeni məhsulların yaranmasına səbəb olsun”.
O qeyd edib ki, bu məqsədə çatmaq üçün ölkə müxtəlif vasitələrdən yararlanır və risklərin bölüşdürülməsi yanaşmasını təqdim edir: “Bizdə maliyyə investoru funksiyasını yerinə yetirən Azərbaycan Sahibkarlığın İnkişafı Fondu kimi inkişaf qurumları fəaliyyət göstərir. O, azlıq payçısı kimi çıxış edərək səhm payçılıq risklərini öhdəsinə götürür və bununla da iqtisadi mühitimizin inkişafını və modernləşdirilməsini təmin edir. Biz eyni zamanda mövcud birgə investisiya fondlarından faydalanırıq, onların sayı artmağa davam edir, mandatları Azərbaycana, eləcə də region daxilində investisiya qoymaqdan ibarətdir”.
M. Cabbarov bildirib ki, hazırda birgə Azərbaycan-Qazaxıstan, Azərbaycan-BƏƏ, Azərbaycan-Özbəkistan, Azərbaycan-Qırğızıstan birgə investisiya fondları mövcuddur və bu fondların hər birində Azərbaycanın minimum mövqeyi, kapital payı 55 % təşkil edir: “Bu, həqiqətən sizin üçün, müxtəlif sektorlarda imkanları görə və müəyyən edə biləcək və etməli olan müəssisələr üçün mövcud olan tam bir ekosistemdir”.