Mayın 4-də keçiriləcək Avropa Siyasi Birliyinin (EPC) 8-ci Sammitində iştirak etmək üçün dünya liderləri artıq İrəvana toplaşıblar. Ermənistanın paytaxtı regionun ən böyük siyasi toplantılarından birinə ev sahibliyi edir. Sammitdə Avropanın müxtəlif ölkələrindən prezidentlər, baş nazirlər və yüksək səviyyəli rəsmilər iştirak edir.
İrəvana gələnlər arasında Fransa Prezidenti Emmanuel Makronla yanaşı Ukrayna Prezidenti Volodimir Zelenski, Avropanın digər nüfuzlu liderləri də var. Rumıniya, Moldova, İsveçrə, Yunanıstan, Bolqarıstan, Bosniya və Herseqovina, həmçinin Şimali Makedoniya prezidentləri və Monako şahzadəsi artıq paytaxtdadır.
Geniş beynəlxalq iştirakın təmin olunduğu sammitdə Kanada, Böyük Britaniya, Çexiya, Polşa, Norveç, Litva, Serbiya, Finlandiya, Lüksemburq, Gürcüstan, Estoniya, Kosovo, Lixtenşteyn, Andorra və Belçikanın baş nazirləri də təmsil olunurlar.
Bundan əlavə, Avropanın ən yüksək rütbəli rəsmiləri — Antoniu Koşta, Ursula fon der Lyayen, Roberta Metsola, Feridun Sinirlioğlu və Alen Berse də Ermənistan paytaxtına gələn qonaqlar arasındadır.
