“Maaşımı karta az köçürürdülər, indi yeganə gəlirimdən də oldum”

“Maaşımı karta az köçürürdülər, indi yeganə gəlirimdən də oldum”

“20 ildir eyni müəssisədə işləyirəm, lakin indi əmək müqaviləmə xitam verilir”.

Bu şikayətlə “Qafqazinfo”ya Şirvan Peşə Liseyində istehsalat üzrə menecer vəzifəsində çalışan Nuridə Muradova müraciət edib.

42 yaşlı N.Muradova bildirib ki, o, 2006-cı ildən Şirvan Peşə Liseyində çalışır: “Əvvəllər yarımştat laborant kimi fəaliyyət göstərirdim. Daha sonra liseyin həmin dönəmdə çalışan direktoru bu ixtisasın ixtisar ediləcəyini və məni işdən çıxaracağını demişdi. Lakin o vaxt bu qərara Peşə Təhsili üzrə Dövlət Agentliyinin nümayəndəsi etiraz etdiyi üçün işimdə qalmışdım.

Bir müddət sonra mənə istehsalat üzrə menecer vəzifəsi təklif edildi. Bu vəzifənin gələcək karyeram üçün perspektivli olduğunu dedilər. Həmin vaxt mən də daxil olmaqla, çoxsaylı müəllim, usta, texniki və inzibati işçilər işə qəbul edildi, onların bir qismi ilə müddətli əmək müqaviləsi bağlandı. Ancaq əmək müqaviləmin vaxtı bitməmiş Agentlikdən dedilər ki, istehsalat üzrə menecer vəzifəsi peşə liseyinin fəaliyyətinə uyğun deyil və liseydə istehsalat sahəsi yoxdur”.

Vətəndaş düşünür ki, bu qərarın verilməsi üçün əsaslı səbəb yoxdur: “Həmin ixtisas necə ləğv edilə bilər? Liseydə istehsalatla bağlı dərslər keçirilir və tələbələr müxtəlif məhsullar, o cümlədən, gil qabları, bayraqlar və xalatlar hazırlayır. Artıq ayın 15-dən xitam ərizəsi göndərilib. Bu problemlərin həll edilməsini istəyirəm və yeganə gəlir mənbəyimin lisey olduğunu vurğulayaraq xahiş edirəm ki, əmək müqaviləmin müddəti uzadılsın”.

N.Muradova, həmçinin iddia edir ki, işlədiyi müddətdə tutulmalardan sonra əməkhaqqı 470 manat olduğu halda kartına daha az məbləğ köçürülüb.

Mövzu ilə bağlı Peşə Təhsili üzrə Dövlət Agentliyinə sorğu ünvanladıq. Qurumdan müraciətimizə cavab olaraq bildirildi ki, məsələ araşdırılıb: “Nuridə Muradova ilə bağlanılmış müddətli əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin “b” bəndinə əsasən əmək müqaviləsinin müddətinin bitməsi səbəbindən xitam verildiyi müəyyən olunub.

Vətəndaşın müraciətində qeyd etdiyi ikinci məsələ olan əməkhaqqı ödənişlərinin natamam həyata keçirilməsi ilə bağlı iddialara münasibətdə isə bildiririk ki, məsələ ilə əlaqədar müəssisə rəhbərliyindən şifahi izahat tələb edilib, sözügedən iddiaların həqiqəti əks etdirmədiyi, əməkhaqqının hesablanması və ödənilməsi zamanı hər hansı uyğunsuzluğun olmadığı bildirilib”.

Fidan Etibar 

Qafqazinfo.