Kubanıçbek Omuralıyev: “TDT-də loqistika, nəqliyyat, investisiya sahələrinə xüsusi diqqət yetirilir”

Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələr arasında ticarət dövriyyəsinin artırılması üçün loqistika, nəqliyyat və investisiya sahələrinə xüsusi diqqət yetirilir.

Bunu “Report”a açıqlamasında TDT-nin Baş katibi Kubanıçbek Omuralıyev bildirib.

O qeyd edib ki, hazırda TDT məkanında nəqliyyat-loqistika potensialının gücləndirilməsi istiqamətində mühüm layihələr icra olunur:

“Ticarətin həcmini artırmaq üçün loqistika, nəqliyyat və investisiyaların cəlb edilməsi vacib şərtlərdəndir. Bu baxımdan Orta Dəhlizin rolu böyükdür. Bu marşrut tarixi İpək Yolunun bərpası deməkdir. Hazırda Çin-Qırğızıstan-Özbəkistan dəmir yolu layihəsi və Orta Dəhlizin digər seqmentləri üzrə işlər aparılır. Orta Dəhlizin potensialı çox böyükdür. İnşallah, yaxın zamanda tam gücü ilə fəaliyyət göstərsə, bu marşrutla yükdaşımaların həcmi 15 milyon tona qədər artacaq”.

Baş katib həmçinin Türk İnvestisiya Fondunun fəaliyyətə başladığını vurğulayıb: Fondun 600 milyon ABŞ dolları kapitalı xüsusilə kiçik və orta biznesin (KOB) inkişafına, regionda sahibkarlığın dəstəklənməsinə böyük töhfə verəcək”.

Report.