Bu ilin sentyabrın 1-nə İqtisadiyyat Nazirliyi tərəfindən KOB evlərində sahibkarlara müxtəlif sahələr üzrə 20 397 lisenziya verilib.
Bu barədə Report”a İqtisadiyyat Nazirliyinin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) məlumat verilib.
Bildirilib ki, Bakı, Gəncə, Xaçmaz, Yevlax və Şuşa şəhərlərində fəaliyyət göstərən KOB evləri vasitəsilə bugünədək sahibkarlara 379 lisenziya verilib. Təqdim edilmiş lisenziyalar əsasən tikintisinə icazə tələb olunan bina və qurğuların tikinti-quraşdırma işləri, özəl tibb fəaliyyəti, əczaçılıq, baytarlıq preparatlarının satışı, sürətli poçt xidməti, bitki mühafizə vasitələri və aqrokimyəvi maddələrin idxalı və digər fəaliyyət növlərini əhatə edib.
Xatırladaq ki, sahibkarlar hazırda 23 fəaliyyət növü üzrə lisenziya (dövlət təhlükəsizliyindən irəli gələn hallar, habelə maliyyə bazarları sahəsində fəaliyyətlər istisna olmaqla) almaq üçün KOB evlərinə də müraciət edə bilərlər. KOB evlərində sahibkarlar lisenziyaların alınması üzrə informasiya dəstəyi ala, müraciət edə, tələb olunan sənədləri təqdim edə və hazır sənədi götürə bilərlər. Lisenziyalaşdırma ilə bağlı bütün prosesin vahid məkanda – KOB evlərində həyata keçirilməsi sahibkarların vaxtına və əməliyyat xərclərinə qənaət etməsinə imkan verir.
Sahibkarlar lisenziya almaq üçün fəaliyyət göstərəcəkləri ərazi üzrə müvafiq KOB evləri və ASAN xidmət mərkəzləri ilə yanaşı, “Lisenziyalar və icazələr” portalı vasitəsilə İqtisadiyyat Nazirliyinə elektron formada müraciət edə bilərlər. Lisenziyalarla bağlı www.smb.gov-az saytının “KOB evləri” bölməsindən, eləcə də “Lisenziyalar və icazələr” portalından (https://lisenziya.gov.az/) ətraflı məlumat almaq mümkündür.