Belarusda rəsmi səfərdə olan Azərbaycanın müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev və rəhbərlik etdiyi nümayəndə heyəti bir sıra hərbi obyektlərdə olub.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Azərbaycan nümayəndə heyəti Belarusun Silahlı Qüvvələrinin aviabazasını, eləcə də əlahiddə desant-hücum briqadasını ziyarət edib.
Burada Xüsusi Əməliyyat Qüvvələrinin, eləcə də radioelektron mübarizə bölmələrinin silahlanmasında olan hərbi və xüsusi texnikalarla tanış olublar.
Plana uyğun olaraq general-polkovnik K.Vəliyev Pilotsuz Aviasiya Komplekslərinin (PAK) Tətbiqi və Hazırlığı Mərkəzinə, eləcə də Dövlət Hərbi-Sənaye Kompleksinin müəssisəsinə baş çəkib.
Mərkəzin fəaliyyəti ilə tanışlıqdan sonra qonaqlara PAK operatorlarının hazırlığı və trenajorlarda iş prinsipləri haqqında məlumat verilib.