Almaniya Kansleri Fridrix Mers, Vaşinqtonun Almaniyadakı Amerika hərbçilərinin sayını azaltmaq planını açıqlamasından sonra iki ölkə arasında yaranmış gərginliyi görməzdən gəlməyə çalışır.
Bazar günü verdiyi açıqlamada Mers bildirib ki, ABŞ-ın qoşunları geri çəkmək planının Prezident Donald Trampın İran strategiyası ilə bağlı yaranmış fikir ayrılığına “heç bir aidiyyatı yoxdur”.
Kansler ARD kanalına verdiyi müsahibədə deyib: “Mən hələ də əminəm ki, amerikalılar Şimali Atlantika Alyansında (NATO) bizim üçün ən vacib tərəfdaşdır”.
Diplomatik gərginlik ötən bazar ertəsi Mersin ABŞ və İsrailin NATO müttəfiqləri ilə məsləhətləşmədən İranda başlatdığı müharibəyə dair tənqidi fikirlərindən sonra başlayıb.
Həmin vaxt Mers İranın ABŞ-ı “alçaltdığını” bildirmiş və Vaşinqtonun bu münaqişədən çıxmaq üçün konkret bir planının olmadığı barədə xəbərdarlıq etmişdi.
Bu açıqlamalar Vaşinqtonun sərt reaksiyasına səbəb olub. Prezident Tramp Mersin “nə danışdığını bilmədiyini” deyərək onu məzəmmət edib və Amerika əsgərlərini geri çəkməklə hədələyib.
Cümə günü ABŞ-ın Müdafiə naziri Pit Heqset yaxın 12 ay ərzində təxminən 5 000 amerikalı hərbçinin Almaniyadan çıxarılması barədə göstəriş verib. Bu, Almaniyadakı ABŞ qoşunlarının sayının 14 faiz azaldılması deməkdir. Hazırda Almaniya 36 min hərbçi ilə Avropada ən çox ABŞ qoşununa ev sahibliyi edən ölkədir. Müqayisə üçün: İtaliyada 12 min, Böyük Britaniyada isə 10 min Amerika əsgəri var.
Hərbi sahədəki gərginliklə yanaşı, Tramp cümə günü Avropa İttifaqından, xüsusən də ittifaqın ən böyük istehsalçısı olan Almaniyadan idxal edilən minik və yük avtomobillərinə tətbiq olunan tariflərin artırıldığını elan edib.
Ekspertlər hesab edirlər ki, həm hərbi geriçəkilmə, həm də iqtisadi sanksiyalar Vaşinqtonun Berlinə qarşı təzyiq rıçaqlarıdır.
Polşanın Baş naziri Donald Tusk isə Amerika Birləşmiş Ştatlarının (ABŞ) Almaniyadan minlərlə hərbçisini çıxarmaq qərarından sonra NATO-nun “dağılmaqda olduğunu” bəyan edib. O, bu addımın transatlantik alyans üçün ciddi risklər yaratdığını vurğulayıb.
Donald Tusk bildirib ki, alyans üçün əsas təhlükə xarici qüvvələr deyil, onun daxilində yaranan parçalanmadır. O, üzv dövlətləri bu “mənfi tendensiyanı” dayandırmaq üçün addımlar atmağa çağırıb.
Ekspertlər və siyasətçilər isə ABŞ-nin bu addımının Avropada təhlükəsizlik balansına və Rusiyaya qarşı çəkindiriciliyə təsir göstərə biləcəyindən narahatdırlar. NATO isə qərarın detalları ilə bağlı Vaşinqtondan əlavə izahat gözlədiyini bildirib.