İnstaqram 10 il sonra loqosunu dəyişdi, lağa qoyuldu

İnstaqram 10 il sonra loqosunu dəyişdi, lağa qoyuldu

İnstaqram 10 ildən sonra loqosunda yeniliyə gedib.

Platformanın rəhbəri Adam Mosseri yeni dizaynı təqdim etsə də, dəyişiklik istifadəçilər tərəfindən gözlənilən kimi qarşılanmayıb və sosial şəbəkələrdə tənqid və istehzalı şərhlərə səbəb olub.

Adam Mosseri yeni loqonu sosial media hesabında paylaşaraq bildirib ki, tətbiqin yuxarı hissəsində istifadə olunan yazı loqosu 10 ildir dəyişdirilməyib və artıq yenilənməsinin vaxtı çatıb.

Onun sözlərinə görə, yeni dizayn orijinal loqonun sadəliyinə və instaqramı fərqləndirən üsluba istinad edir, eyni zamanda, daha təmiz və müasir görünüş yaratmağı hədəfləyir.

Yeni loqoda əsas diqqət instaqram adının yazılışına yönəlib. Qalın və yumru formalı qara hərflərdən istifadə olunub. Dizaynda əvvəlki üslubda olduğu kimi, qradiyent, kontur və ya əlavə dekorativ elementlərə yer verilməyib. Hərflərin bir-birinə daha yaxın yerləşdirilməsi loqoya daha müasir və rəqəmsal görünüş qazandırıb.

Lakin yeni dizayn istifadəçilərin böyük hissəsinin xoşuna gəlməyib. Mosserinin paylaşımının altında çoxsaylı tənqidi və istehzalı şərhlər yazılıb.

Bəzi istifadəçilər yeni loqonun adını düzgün oxumağın belə çətin olduğunu bildiriblər. Şərhlərdən birində yeni dizaynın “İnstaqzam” kimi göründüyü yazılıb. Başqa bir istifadəçi isə şirkətlərin uğurlu loqoları dəyişdirmək istəyini anlamadığını qeyd edib.

Digər istifadəçilər də loqonun əvvəlki formada qalmasını istəyib və “Xahiş edirəm, dəyişməyin” kimi şərhlər yazıblar.

Qafqazinfo.