Gəncədə azyaşlı övladları əlindən alınan ana uşaqlarına qovuşub.
Bu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu məlumat verib.
O qeyd edib ki, uşaqlar ötən gün analarına təhvil verilib: “Məsələ ilə bağlı qadın “Azərbaycan Uşaq Qaynar Xətt Xidməti”nə (116111) müraciət edərək 7 və 4 yaşlı övladlarının görüşmək məqsədilə babaları tərəfindən aparıldığını, lakin sonradan uşaqların ona qaytarılmadığını bildirmişdi.
Qadının müraciəti əsasında məsələ aidiyyəti qurumlara yönləndirilmiş, uşaqların hüquq və mənafelərinin qorunması, eləcə də onların anaya qaytarılması istiqamətində müvafiq tədbirlər həyata keçirilmişdi.
Aidiyyəti qurumların birgə səyləri nəticəsində ötən gün uşaqlar anaya təhvil verilib. Beləliklə, bir müddətdir övladlarından ayrı qalan ana iki uşağına qovuşub”.
Qeyd edək ki, bir müddət əvvəl Gəncədə yaşayan 24 yaşlı Jalə adlı iki uşaq anasının övladlıarının atası tərəfindən qaçırılması iddiası ilə videomüraciəti yaymışdı. O, uşaqlarını atasına görüşmək üçün verdiyini, lakin o vaxtdan onlardan xəbər ala bilmədiyini qeyd etmişdi. Çarəsiz qalan ana övladlarının tapılması üçün aidiyyəti orqanlardan kömək istəyirdi.
