Bakıda keçiriləcək yüksək səviyyəli görüşdə İslam Əməkdaşlıq Təşkilatına(İƏT) üzv 48 dövlət və 250-dən artıq iştirakçı təmsil olunacaq.
Bunu Baş prokurorun müavini Heydər Məmmədov İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanları rəhbərlərinin üçüncü Yüksək Səviyyəli Görüşünə hazırlıq işləri ilə açıqlamasında deyib.
O bildirib ki, tədbirin yüksək səviyyədə təşkili və məzmun baxımından səmərəli keçirilməsi məqsədilə müvafiq tədbirlər həyata keçirilir.
Baş prokurorun müavini qeyd edib ki, 2026-cı il oktyabrın 27–28-də Bakıda keçiriləcək görüşə hazırlıq çərçivəsində Baş Prokurorluq üzrə müvafiq əmrlə Yerli Təşkilat Komitəsi yaradılıb. Komitənin əsas vəzifələri tədbirin yüksək səviyyədə təşkilini təmin etmək, İƏT-ə üzv dövlətlər arasında antikorrupsiya əməkdaşlığının inkişafına töhfə vermək və Azərbaycanın bu sahədəki təcrübəsini beynəlxalq tərəfdaşlarla bölüşməkdən ibarətdir.
İştirakçıların sayına və təmsilçilik səviyyəsinə toxunan Heydər Məmmədov bildirib ki, tədbirdə İƏT-ə üzv olan 57 dövlətdən 48-nin nümayəndələri olmaqla, ümumilikdə 250-dən artıq şəxsin iştirakı gözlənilir. Onun sözlərinə görə, iştirakçılar sırasında 30 dövlət qurumunun rəhbəri, səfirlər, beş beynəlxalq və regional təşkilatın rəhbər və yüksək vəzifəli nümayəndələri, habelə üç müşahidəçi dövlətin təmsilçiləri yer alır.