“Avqustun 10-da bir sıra media orqanlarında, o cümlədən “Toplummedia-tv” xəbər portalında, şirkətimizin Qırğızıstan Respublikasının İssık-Kul gölü sahilindəki və Zəngilan rayonundakı hotel layihələri üzrə Prezidentin İşlər İdarəsi ilə yaşanan maliyyə mübahisəsinə dair məlumat yayılıb”.
“Qafqazinfo” “FLAX” MMC-nin məsələ ilə bağlı yaydığı məlumatı təqdim edir:
“İlk növbədə vurğulayırıq ki, şirkətimiz uzun illərdir Azərbaycanda dövlət qurumları ilə səmərəli və qarşılıqlı hörmətə əsaslanan əməkdaşlıq aparır. Bu müddət ərzində Ağdamdakı Cümə məscidinin bərpası, Ağ şəhərdə yaşayış kompleksləri və Zəngilanda hotel infrastrukturunun yaradılması kimi mühüm layihələrdə iştirak etmək bizim üçün böyük qürur mənbəyidir. Biz bu tərəfdaşlığı yüksək qiymətləndirir və gələcəkdə də davam etdirilməsində maraqlı olduğumuzu bildiririk.
İrimiqyaslı tikinti və infrastruktur layihələrində olduğu kimi, zaman-zaman tərəflər arasında qarşılıqlı hesablaşmalar və kommersiya öhdəlikləri ilə bağlı fikir ayrılıqlarının yaranması təbii iş prosesidir. Qeyd olunan müqavilələr üzrə xidmət haqqının ödənilməsi ilə bağlı mövcud olan maliyyə məsələsi də məhz bu qəbildəndir. Sırf kommersiya və iqtisadi müstəvidə olan belə məsələlərin hər hansı fərqli kontekstlərdə şərh olunması və ya siyasiləşdirilməsi tamamilə əsassızdır.
Əlavə olaraq bildiririk ki, sözügedən media materialının hazırlanması və yayılması ilə “FLAX” MMC-nin heç bir əlaqəsi yoxdur. Şirkətimiz həmin məlumatın mediaya ötürülməsinə heç bir formada təşəbbüs göstərməyib və bu prosesdə iştirak etməyib. Məlumatın mənbəyi bizə məlum deyil və bu məsələ ilə bağlı hər hansı təxminə əsaslanan şərh verməyi məqsədəuyğun hesab etmirik.
“FLAX” MMC ictimaiyyətə şəffaflıq nümayiş etdirməyə önəm verir və zərurət yarandığı təqdirdə, əlavə açıqlamalar təqdim etməyə hazırdır”.