Həmin günlərdə qəzalar artırmış

Həmin günlərdə qəzalar artırmış

ABŞ-də aparılan yeni araşdırma məşhur musiqiçilərin böyük albomlarını yayımladığı günlərdə ölümcül yol qəzalarının sayının əhəmiyyətli dərəcədə artdığını ortaya qoyub.

Harvard Tibb Məktəbi və Massaçusets “General Brigham” mütəxəssislərinin apardığı, “JAMA Network Open” jurnalında dərc olunan araşdırmaya görə, məşhur albomların rəqəmsal platformalarda yayımlandığı günlərdə yol qəzalarında ölüm halları adi günlərlə müqayisədə 15 faiz artır.

Dr. Vişal Patelin rəhbərlik etdiyi tədqiqatda 2017-2022-ci illər arasında ABŞ-də bir gündə ən çox yayımlanan 10 albomun buraxılış tarixləri Milli Yol Hərəkəti Təhlükəsizliyi Administrasiyasının məlumatları ilə müqayisə edilib.

Teylor Svift, Dreyk, Bəd Banni, Harri Stayls, Kendrik Lamar və Kanye Uest kimi məşhur sənətçilərin albomlarının yayımlandığı günlərdə ölümcül qəzaların orta gündəlik sayı 121-dən 139-a yüksəlib.

Tədqiqatçılar qəzaların artımının əsas səbəblərindən birinin sürücülərin yeni mahnıları tapmaq və dinləmək üçün avtomobil idarə edərkən telefonlarından istifadə etməsi ola biləcəyini bildirirlər.

Araşdırmaya rəhbərlik edən Dr. Vişal Patel bu mövzuya avtomobil idarə edərkən yeni albom axtararkən özünün də zolaqdan çıxdığını müşahidə etdikdən sonra diqqət yetirib.

Bildirilir ki, böyük albomların buraxılışı milyonlarla insanın eyni vaxtda telefonlarına üz tutduğu nadir hadisələrdən biridir. Bu zaman sürücülər mahnı axtarmaq, albomu açmaq və çalğı siyahısını dəyişmək üçün diqqətlərini yoldan yayındıra bilirlər.

Araşdırmada ölümcül qəzaların artımının, əsasən, avtomobildə tək olan sürücülər arasında müşahidə edildiyi müəyyənləşdirilib. Maraqlıdır ki, artım spirtli içkinin təsiri altında olan sürücülərlə müqayisədə ayıq sürücülər arasında daha yüksək olub.

Qəzaların, əsasən, gecə saatlarında və ya şənlik günlərində baş vermədiyi, ölüm hallarındakı artımın isə yaşlı sürücülərlə müqayisədə gənc sürücülər arasında daha çox olduğu müəyyən edilib.

Tədqiqatçılar avtomobil idarə edərkən smartfonlardan mahnı axtarmağın və çalğı siyahılarını dəyişməyin ciddi risk yaratdığını vurğulayırlar.

Mütəxəssislər sürücülərə avtomobil hərəkətə başlamazdan əvvəl musiqi seçimini və çalğı siyahısını hazırlamağı, yolda isə telefonla mümkün qədər az təmas etməyi tövsiyə edirlər.

Qafqazinfo.