Füzulidə qadın təcili tibbi yardım avtomobilində doğuş edib.
Bu barədə “Report”a TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Füzuli rayonu ərazisindən doğuş sancısı səbəbilə çağırış daxil olub.
Hamilə qadının xəstəxanaya aparılarkən vəziyyəti ağırlaşıb, həkim briqadası tərəfindən müdaxilə olunaraq doğuş prosesi təcili tibbi yardım avtomobilində gerçəkləşib.
Yenidoğulmuşun çəkisi 3,5 kq, boyu 53 sm. olub. Zahı qadın və yenidoğulmuş Füzuli Rayon Mərkəzi Xəstəxanasının Doğum şöbəsinə hospitalizasiya olunub. Onlara zəruri tibbi xidmətlərin göstərilməsi davam etdirilir.
Report.