Tovuz rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə rayonun Düz Cırdaxan kəndi ərazisində qeydə alənıb.
Belə ki, “Ford” markalı yük avtomobilinin sürücüsü idarəetməni itirib. Nəticədə avtomobil əvvəlcə yol kənarında yerləşən elektrik dirəyinə, daha sonra isə ağaca çırpılıb. Güclü zərbə nəticəsində yük avtomobili ciddi şəkildə deformasiyaya uğrayıb.
Hadisə zamanı avtomobilin sürücüsü, Düz Cırdaxan kənd sakini, 25 yaşlı Fərid Tağıyev aldığı ağır xəsarətlərdən ölüb. Qəza nəticəsində elektrik dirəyi də aşıb. Bu səbəbdən kəndin bir hissəsində elektrik enerjisinin verilişi müvəqqəti olaraq dayanıb.
Əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları cəlb olunub.
Xilasedicilər deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalan sürücünün cansız bədənini xüsusi avadanlıqların köməyi ilə çıxarıblar. Sürücünün meyiti müvafiq araşdırmaların aparılması üçün Tovuz Rayon Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
Yunis Quliyev


