Fərid Məmmədov: Bu il ADEX tarixində ilk dəfə olaraq sərginin rəsmi merç kolleksiyası təqdim ediləcək

Bu il ADEX tarixində ilk dəfə olaraq sərginin rəsmi merç kolleksiyası (ingiliscə “merchandise” sözünün qısaldılmış forması olan “merch”dən götürülüb – hər hansı bir məşhur şəxs, musiqi qrupu, yutuber, idman klubu, brend və ya rəqəmsal məzmun yaradıcısı tərəfindən öz loqosu, simvolikası, şüarı və ya dizaynı ilə buraxılmış rəsmi geyim və suvenir məhsulları seriyasıdır – red.) təqdim ediləcək.

Bu sözləri ADEX 2026 – VI Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi və Securex Caspian 2026 – XV Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisinə həsr olunmuş mətbuat konfransında sərginin təşkilatçısı olan “Caspian Event Organisers” şirkətinin Baş direktoru Fərid Məmmədov deyib.

Onun sözlərinə görə, xüsusi olaraq “ADEX 2026” üçün hazırlanmış eksklüziv brendləşdirilmiş kolleksiya sərginin brend üslubunun bir hissəsinə çevriləcək:

“Kolleksiyaya “ADEX 2026″nın rəmzlərinin əks olunduğu dəbli və praktik məhsullar daxil olacaq. İştirakçılar və qonaqlar rəsmi merç məhsullarını sərgi günlərində xüsusi ayrılmış məkanda əldə edə biləcəklər”.

F.Məmmədov həmçinin bildirib ki, “ADEX 2026” sərgisinə həsr olunmuş “ADEX News” adlı qəzet də çapdan çıxacaq:

“Qəzetdə iştirakçı şirkətlərin təqdim etdikləri yeniliklər və innovasiyalarla bağlı xəbərlər, eləcə də sərgiyə təşrif buyuran yüksək səviyyəli qonaqlar, müxtəlif nümayəndə heyətlərinin üzvləri, sahə mütəxəssisləri ilə müsahibələr dərc olunacaq”.

Baş direktor eyni zamanda vurğulayıb ki, “ADEX 2026” çərçivəsində Azərbaycanın dövlət qurumlarının nümayəndələri, beynəlxalq nümayəndə heyətləri və iştirakçı şirkətlər arasında keçiriləcək ikitərəfli danışıqlar xüsusi əhəmiyyət daşıyacaq:

“Bu görüşlər yeni işgüzar əlaqələrin qurulmasına, hərbi-texniki əməkdaşlığın genişləndirilməsinə, birgə layihələrin həyata keçirilməsinə və uzunmüddətli strateji tərəfdaşlıqların formalaşdırılmasına imkan yaradacaq. Sərginin peşəkar istiqaməti nəzərə alınaraq, ADEX 2026-ya giriş yalnız hərbi qulluqçular, təhlükəsizlik və hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbi və müdafiə sənayesində, eləcə də əlaqəli sektorlarda çalışan şəxslər, həmçinin ali hərbi təhsil müəssisələrinin kursantları üçün açıq olacaq”.

Report.