ABŞ-nin tanınmış Respublikaçı senatoru Lindsi Qrem qəfil və qısamüddətli xəstəlikdən sonra 71 yaşında vəfat edib.
Şənbə günü axşam saatlarında senatorun ofisi tərəfindən yayılan rəsmi bəyanatda Lindsi Qremin ailəsinin bu çətin dövrdə hamıdan dualar gözlədiyi və şəxsi həyatlarına hörmətlə yanaşılmasını xahiş etdiyi bildirilib.
2002-ci ildə Cənubi Karolina ştatından ABŞ Senatına seçilən siyasətçi Vaşinqtonun müdafiə və xarici siyasət sahəsindəki ən nüfuzlu simalarından biri, həmçinin Senatın Büdcə Komitəsinin sədri və ABŞ Prezidenti Donald Trampın ən yaxın müttəfiqi idi.
Vəfatından cəmi bir gün əvvəl, yəni cümə günü Kiyevə səfər edərək Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşən Qrem, Ukraynaya ABŞ dəstəyinin Konqresdəki ən qətiyyətli müdafiəçilərindən biri kimi tanınırdı.
O, Rusiyanın Ukraynada dayanmayacağını bildirərək, bu cəbhədə zəiflik nümayiş etdirməyin Tayvanın itirilməsinə yol açacağını müdafiə edirdi.
Xarici siyasətdəki bu sərt və strateji xəttinə uyğun olaraq, Lindsi Qrem regional məsələlərdə hər zaman ABŞ-nin dövlət maraqlarını ön planda tutan bir siyasət yürüdüb. ABŞ Konqresində “Türkiyə və Türk Amerikalıları İşçi Qrupu”nun üzvü olan senator Vaşinqtonda regional məsələlərdə Türkiyənin yaxın dostu və strateji tərəfdaşı kimi tanınırdı.
Bunun ən bariz nümunəsi kimi, 2019-cu ilin noyabrında ABŞ Senatında qondarma “erməni soyqırımı” qətnaməsinin səsverməsiz, sürətli şəkildə qəbul edilməsi üçün “vahid razılıq” (unanimous consent) istənildiyi zaman Qrem daxili prosedur qaydalarından istifadə edərək təkbaşına etiraz etmiş və qətnamənin qəbulunu bloklamışdı.
O, sonradan etiraf etmişdi ki, həmin vaxt Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Vaşinqtona səfəri ərəfəsində ikitərəfli əlaqələrə zərbə vurmamaq üçün Ağ Evin birbaşa xahişi ilə bu addımı atıb.
Cənubi Qafqaz və Azərbaycanla bağlı məsələlərdə isə Lindsi Qrem balanslı və praqmatik xətt tərəfdarı kimi çıxış edib. O, erməni lobbisinin ABŞ Konqresində Azərbaycan əleyhinə yönəlmiş radikal sanksiya təşəbbüslərinə və birtərəfli qətnamələrinə dəstək verməkdən yayınaraq, regionda tarazlığın və ABŞ-nin təhlükəsizlik maraqlarının qorunmasına üstünlük verib.
Qeyd edək ki, hərbi hüquq üzrə ixtisaslaşmış, Hərbi Hava Qüvvələrinin ehtiyatda olan polkovniki Lindsi Qrehem İraq müharibəsini dəstəkləyən və uzun illər İrana qarşı hərbi əməliyyatların aparılmasını müdafiə edən sərt mövqeli siyasətçi kimi tanınırdı. O, hazırkı münaqişə dövründə ABŞ Prezidenti Donald Trampın ən açıq və fəal müdafiəçilərindən biri idi.