Əraqçi: ABŞ bəzi region ölkələrinin müşayiəti ilə İrana hücum edib

Əraqçi: ABŞ bəzi region ölkələrinin müşayiəti ilə İrana hücum edib

Yaxın Şərqdəki mövcud vəziyyətə səbəb ABŞ və İsrailin apardığı siyasətdir.

Bunu İranın xarici işlər naziri Abbas Əraqçi Qətər Dövlətinin Baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdülrəhman bin Casim Al Tani ilə görüşdə deyib.

O, qeyd edib ki, mövcud vəziyyət ABŞ və İsrailin hücumunun, eləcə də Amerikanın İrana qarşı dəniz blokadası və iqtisadi təzyiqlərinin davam etməsinin nəticəsidir. A.Əraqçi əlavə edib ki, regional təhlükəsizlik mexanizmlərinin yaradılması məqsədilə bölgə ölkələri arasında etimad gücləndirilməlidir.

O, ABŞ-nin İrana hücumları, eləcə də sanksiyaları həyata keçirmək üçün Fars körfəzi ölkələrinin (Səudiyyə Ərəbistanı, İraq, Birləşmiş Ərəb Əmirlikləri, Qətər, Küveyt, Bəhreyn və Oman) ərazisi və imkanlarından istifadəyə qarşı çıxıb:

“Təəssüf ki, ABŞ və İsrail bəzi region ölkələrinin müşayiəti ilə İrana hücum edib və Hörmüz boğazında qeyri-sabitlik yaranıb. İran müharibənin başa çatması ilə bağlı anlaşmaya (İslamabad Anlaşma Memorandumu), o cümlədən sənədin 5-ci bəndinə əsasən, öz öhdəliklərini yerinə yetirirdi, lakin ABŞ əhdini pozaraq anlaşmanın icra prosesinə xələl gətirib və bu yaxınlarda da iqtisadi hücumun yeni dalğasını elan edib”.

Əraqçi xatırladıb ki, İran milli suverenliyini və maraqlarının müdafiəsi üçün bütün imkanlardan istifadə edəcək.

Bu görüşdə Al Tani Qətərin təhlükəsizlik və sabitliyi qorumaqla bağlı prinsipial mövqeyinə işarə edərək, regionda gərginliyin azaldılması üçün məsləhətləşmələrin davam etdirilməsinin vacibliyini vurğulayıb.

Report.