Emi Karlon: ABŞ Azərbaycan və Ermənistan nümayəndələrinin qarşılıqlı səfərlərinin davam etməsini gözləyir

ABŞ Cənubi Qafqazda möhkəm sülhün bərqərar olmasına kömək göstərilməsi çərçivəsində iki ölkə nümayəndələrinin qarşılıqlı səfərlərinin davam etməsini gözləyir.

Bu barədə “Report”un Qarabağdakı müxbirinə ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili Emi Karlon bəyan edib.

O, xarici diplomatik korpusun nümayəndə heyətinin tərkibində regionu ziyarət edir.

Onun sözlərinə görə, bu cür səfər mübadiləsi qeyri-adi təcrübə deyil – bu, regionda uzunmüddətli sülhün bərqərar olmasına kömək göstərilməsi prosesinin bir hissəsidir.

“Mən bir neçə həftə əvvəl artıq İrəvanı ziyarət etmişdim və belə səfər mübadiləsi bizim üçün qeyri-adi bir şey deyil. Bu, Cənubi Qafqazda möhkəm sülhün bərqərar olmasına kömək göstərmək üzrə prosesimizin bir hissəsidir. Bunlar bizim həyata keçirdiyimiz qarşılıqlı səfərlər idi”, – Karlon deyib.

O, həmçinin qeyd edib ki, ABŞ Strateji Tərəfdaşlıq Xartiyasında müəyyən edilmiş istiqamətlər üzrə Azərbaycanla əməkdaşlığı inkişaf etdirməyə davam edir.

Report.