Avropa İnvestisiya Bankı (EIB) Qırğızıstanda “Kambar-Ata-1” su elektrik stansiyasının tikintisini maliyyələşdirmək niyyətindədir. Gələcəkdə burada istehsal olunacaq elektrik enerjisi Qazaxıstan, Xəzər dənizi və Azərbaycan üzərindən Avropaya nəql oluna biləcək.
Bunu bankın vitse-prezidenti Marek Mora Astanada “Euronews”a müsahibəsində bildirib.
“Biz Xəzər dənizi vasitəsilə Qazaxıstan və Azərbaycan arasında, daha sonra isə Avropaya qədər uzana biləcək elektrik interkonnektoru barədə bəzi ideyalar eşitmişik”, – M.Mora bildirib.
“Kambar-Ata-1” su elektrik stansiyası Qırğızıstan, Qazaxıstan və Özbəkistanın birgə layihəsi çərçivəsində inşa edilir. M.Moranın sözlərinə görə, EIB su ehtiyatlarının idarə edilməsi və enerji şəbəkələrinin tikintisi sahəsində layihələr üçün üç ölkəyə 900 milyon avro vəsait ayırıb.