Əhliman Əmiraslanov: Maaş artımı bölgələrdə həkim çatışmazlığının həllinə təkan verəcək

Əhliman Əmiraslanov: Maaş artımı bölgələrdə həkim çatışmazlığının həllinə təkan verəcək

Tibb işçilərinin maaş artımı bölgələrdə həkim çatışmazlığının həllinə təkan verəcək.

Bunu deputat Əhliman Əmiraslanov Milli Məclisin Səhiyyə komitəsinin iclasında deyib.

O xatırladıb ki, son zamanlar İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və TƏBİB kimi qurumların fəaliyyətinin optimallaşdırılması ilə bağlı Prezident İlham Əliyev tərəfindən bir neçə sənəd imzalanıb:

“Bu istiqamətdə hazırda kifayət qədər ciddi tədbirlər həyata keçirilir və həmin qurumlarda islahatlar aparılır. Biz əminik ki, bu islahatlar müsbət nəticələnəcək və öz müsbət effektini verəcək”.

Deputat vurğulayıb ki, Birinci vitse-prezident Mehriban Əliyeva tibb işçilərinin əməkhaqqının artırılması təşəbbüsü ilə çıxış edib və bu təşəbbüs Prezident tərəfindən çox müsbət qarşılandı və 72 mindən çox tibb işçisinin əməkhaqqı artırılıb.

“Tibb işçiləri bundan sonra kifayət qədər, yəni müvafiq əməkhaqqı alacaqlar. Bu, xüsusilə bölgələrdə çalışan tibb işçilərinə aiddir.”

O qeyd edib ki, dəfələrlə burada müzakirə etmişik ki, bölgələrdə tibb işçilərinin qıtlığı var:

“Xüsusilə həkim çatışmazlığı ilə bağlı həm Səhiyyə Komitəsində, həm plenar iclaslarda, həm də dinləmələrdə bölgələrdə kadr və həkim çatışmazlığını həmişə müzakirə etmişik. Mən əminəm ki, tibb işçilərinin əməkhaqqının artırılması bu problemin həllinə böyük təkan verəcək”.

Ə. Əmiraslanov deyib ki, bu addım nəticəsində tibb işçilərinin illik əməkhaqqı fondu 189 milyon manat artırılıb.

Report.