ABŞ Dövlət Departamenti Azərbaycanla bağlı “Azadlığa Dəstək Aktı”nın 907-ci düzəlişində nəzərdə tutulan məhdudiyyətlərin tətbiqindən azad etmə müddətinin uzadılması barədə Konqresə bildiriş göndərib.
Bu barədə ABŞ Konqresinin rəsmi protokolunda məlumat yer alıb.
Sənədə əsasən, Dövlət Departamenti müvafiq bildirişi iyulun 28-də Senatın Xarici Əlaqələr Komitəsinə, avqustun 10-da isə Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinə təqdim edib.
Qeyd edək ki, 1992-ci ildə qəbul edilən 907-ci düzəliş ABŞ-nin Azərbaycana birbaşa dövlət yardımının göstərilməsini məhdudlaşdırır. Lakin 2001-ci ildə Konqres ABŞ Prezidentinə bu məhdudiyyətlərin tətbiqini dayandırmaq (dondurmaq) səlahiyyəti verib.
Həmin vaxtdan etibarən ABŞ dövlət başçıları hər il 907-ci düzəlişin qüvvəsinin dayandırılması müddətini uzadır və bununla bağlı Konqresə rəsmi məlumat təqdim edirlər.