Cemal Akkuş: “Orta Dəhlizdə yerli məhsulların ortaq bazarı yaradıla bilər”

Cemal Akkuş:  “Orta Dəhlizdə yerli məhsulların ortaq bazarı yaradıla bilər”

Orta Dəhlizdə yerli məhsullar üçün ortaq bazar yaradıla bilər.

Bunu Türkiyə Alternativ Tədqiqatlar Mərkəzinin (ALARM) prezidenti Cemal Akkuş Bakıda keçirilən Türk Dövlətləri Təşkilatının Aparıcı Milli Analitik Mərkəzlərinin II Beynəlxalq Konfransında bildirib.

“Təklifimiz Orta Dəhliz üzərində yerli məhsulların, xüsusən də mədəni məhsulların istehsal olunaraq satışa çıxarılması, ortaq marketinq və reklam strategiyası ilə birlikdə iqtisadiyyata dəyər qazandırılmasına hesablanıb. Biz burada məhz Orta Dəhlizin meydana gətirdiyi böyükmiqyaslı nəqliyyat şəbəkəsini orta və ya daha kiçik səviyyəli istehsalçıların ixtiyarına verməkdən bəhs edirik. İlk mərhələdə bunu 5 istiqamətdə, 5 sahədə həyata keçirmək olar. Bunlardan birincisi toxuculuq və dizayn ola bilər. Yəni xalça, gəbə, keçə, yun-dəri məhsulları üçün bazar yaradıla bilər. İkinci sahə qida ola bilər. Bal, qurudulmuş məhsullar və yaxud taxıl lazımi qida təhlükəsizliyi şərtlərinə cavab verdikdən sonra geniş bazarlara çatdırıla bilər. Üçüncü sahə keramika, zərgərlik, taxta və yaxud metal üzərində sənətkarlıq ola bilər. Dördüncü sahə mədəniyyət turizmi ola bilər. Festivallar, yayla gəzintiləri, emalatxana ziyarətləri və bütün bu sahələrdə yerli əhaliyə gəlir imkanı təmin edilə bilər. Beşinci sahə isə musiqi, sənədli film, oyun, animasiya kimi rəqəmsal istehsal ola bilər”, – deyə o qeyd edib.

C.Akkuşun fikrincə, bununla da, Türk dünyasında inkişaf edən əlaqələr hesabına gəlir formalaşdırıla bilər: “Bu, təbii ki, mərhələli şəkildə həyata keçirilməlidir. İlk 3 ayda, pilot bölgələr və məhsullar müəyyən edilməlidir. Təbii ki, bütün vətəndaş cəmiyyəti ilə birlikdə analitik mərkəzlərin üzərinə ciddi vəzifə düşəcək. İlk ilin sonunda müəyyən olunmuş və istehsalına başlanılmış məhsulların pilot satışına başlaya bilərik. Bu sınaqlarda çatdırılma zəmanəti, müştəri məmnuniyyəti kimi məsələləri, eləcə də bazar problemlərini həll etmiş olacağıq.

Report.