Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) Böyük Millət Məclisi (TBMM) Qrup Sədrliyi terrorun sona çatdırılmasına yönəlmiş prosesin hüquqi infrastrukturunu formalaşdıracaq “Çərçivə Qanun Təklifi”ni deputatların imzalaması üçün TBMM-ə təqdim edib.
Bu barədə “TRT Haber” məlumat yayıb.
Təklifin bu gün saat 17:00-a (Bakı vaxtı ilə 18:00) qədər bütün deputatlar tərəfindən imzalanması gözlənilir.
İmza prosesinin tamamlanmasının ardınca təklifin qısa müddət ərzində TBMM Sədrliyinə təqdim edilməsi və komissiya mərhələsinə keçidi nəzərdə tutulur.
Sözügedən “Çərçivə Qanun Təklifi”nin, terrorla mübarizədən sosial inteqrasiyaya qədər geniş bir spektrdə hüquqi təminatlar və tətbiq əsaslarını ehtiva etməsi gözlənilir.
Prezident Rəcəb Tayyib Ərdoğanın “mənzilə çatmaq üzrəyik” mesajı ilə işarə etdiyi prosesin ən önəmli hissəsini təşkil edən bu tənzimləmə ilə Türkiyənin terror gündəmindən tamamilə çıxarılması hədəflənir.