BMT Azərbaycan müəssisələrinə kömək etmək istəyir

BMT Azərbaycan müəssisələrinə sürətlə dəyişən qlobal iqtisadiyyatda uğurla rəqabət aparmaqda kömək etməyə hazırdır.

Bu barədə BMT-nin Azərbaycandakı yeni rezident əlaqələndiricisi Dmitro Şlapaçenko “Bakı İqlim Fəaliyyəti Həftəsi (BCAW 2026)” çərçivəsində keçirilən dəyirmi masada bildirib.

O qeyd edib ki, BMT Qlobal Kompakt Ölkə Şəbəkəsi innovasiyanı sürətləndirməyə, tərəfdaşlıqları asanlaşdırmağa və bilik paylaşmağa imkan verə bilər: “Sual artıq iqlim fəaliyyəti və rəqabət qabiliyyətinin bir arada gedib-getmədiyi deyil. Getdikcə onlar eyni şeydir. Gələn onillikdə uğur qazanacaq müəssisələr iqlim fəaliyyətinə xərc kimi deyil, innovasiya, investisiya, inkişaf və dayanıqlılıq qurmaq üçün fürsət kimi baxanlar olacaq. BMT ölkə komandası bu fürsəti reallığa çevirmək üçün Azərbaycan hökuməti, özəl sektor və bütün tərəfdaşlarla birlikdə işləməyə hazırdır”.

Rezident əlaqələndiricinin sözlərinə görə, BMT Qlobal Kompaktı şirkətlərə məsuliyyətli biznes təcrübələrini gücləndirmək, dayanıqlılıq və iqlim fəaliyyətini irəli aparmaq, qlobal həmyaşıd və tərəfdaşlar şəbəkəsinə qoşulmaq üçün praktik platforma təklif edir: “Azərbaycanda 62 iştirakçı şirkətdən ibarət fəal ölkə şəbəkəsi ilə üzərində qura biləcəyimiz güclü təməlimiz var. Növbəti addımımız bu platformanı genişləndirmək, daha çox biznes lideri səfərbər etmək və kollektiv fəaliyyətləri gücləndirmək olacaq. Əmin olun ki, bu həftədən sonra müxtəlif şirkətlərə müraciət edəcəm və onları bu şəbəkəyə qoşulmağa inandırmağa çalışacağam”.

Report .