Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə sentyabrın 15-də Abşeron və Yasamal rayonlarında Transformator Məntəqələrində (TM) təmir işləri aparılacaq.
Bu barədə “Azərişıq” ASC məlumat yayıb.
Bildirilib ki, Abşeron Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisində saat 09:00-dan 11:00-dək Heydər Əliyev prospekti, Nəbi Xəzri, Ruhulla Axundov, Məhəmməd Əmin Rəsulzadə küçələrinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət tətbiq olunacaq.
Yasamal RETSİ-nə daxil olan Rahib Tağıyev, Vasif Əliyev, Nazim Hikmət, Məhəmməd Xiyabani, Çuxursəd küçələrinin bəzi ərazilərində saat 10:00-dan 13:00-dək enerjinin verilişi müvəqqəti dayandırılacaq.
Görülən işlər yekunlaşdıqdan sonra həmin ərazilərdə abonentlər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunacaqlar.