Terror qruplaşmasının fəaliyyətində iştirak etməkdə təqsirləndirilən Vüqar Nəcəfli, Camal Gözəlov, Tofiq Yusifli, Dadaş Həşimov, Məhəmməd Hüseynli, Müşfiq Həşimov, Mir Cavad Hüseynli və Tural Ağayevin barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Namiq Kərimovun sədrliyi ilə keçirilən prosesdə hökm elan edilib.
Məhkəmənin hökmü ilə Vüqar Nəcəfli 9 il 6 ay, Camal Gözəlov, 9 il 6 ay, Tofiq Yusifli 8 il 6;ay, Dadaş Həşimov 8 il 6 ay, Məhəmməd Hüseynli 13 il, Müşfiq Həşimov,ə 10 il, Mir Cavad Hüseynli 12 il 6 ay və Tural Ağayev 13 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, aparılan araşdırmalarla terrorçuluq cinayətlərinin törədilməsi məqsədilə yaradılmış dəstənin üzvləri olan Azərbaycan Respublikasının vətəndaşları – Vüqar Nəcəfli, Camal Gözəlov, Tofiq Yusifli və Dadaş Həşimovun 2024-cü ildə Azərbaycan Respublikasını tərk edərək Pakistan İslam Respublikasının Əfqanıstanla sərhədində yerləşən dağlıq ərazilərdə gizləndikləri təsbit edilib.
Onların beynəlxalq terror təşkilatının tərkibində Azərbaycanın hüdudlarından kənarda döyüş təlimlərində və silahlı münaqişələrdə iştirak etmələri, cinayətkar məqsədlərlə silahlı təlimlər keçmələri müəyyənləşdirilib.
DTX tərəfindən tərəfdaş xarici xüsusi xidmət və hüquq-mühafizə orqanları ilə birgə həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində barələrində istintaq aparılan adları qeyd olunan şəxslərin xarici ölkələrin ərazisində ələ keçirilərək Azərbaycana gətirilmələri təmin edilib.
Həmçinin görülən tədbirlərlə Tofiq Yusiflinin və Dadaş Həşimovun terrorçuluq fəaliyyətlərinin Azərbaycan Respublikasının vətəndaşları – Mir Cavad Hüseynli və Tural Ağayev tərəfindən maliyyələşdirildiyi, habelə sonuncuların digər cinayət əməlləri aşkar olunub.