Bakı şəhəri, Qaradağ rayonunun Nardaran qəsəbəsində və Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində dənizdə nəzarətsiz ərazidə vətəndaşlar batma təhlükəsi ilə üzləşib.
Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb edilib.
Həyata keçirilən operativ xilasetmə əməliyyatları sayəsində dənizdə batma təhlükəsində olan vətəndaşlar, 1997-ci il təvəllüdlü Əlizadə Cəfər Fikrət oğlu Nardaran qəsəbəsində ən yaxın sularda xilasetmə məntəqəsindən 2 km aralıda və 1996-cı il təvəllüdlü Quliyev Ceyhun Hüseyn oğlu H.Z.Tağıyev qəsəbəsində ən yaxın sularda xilasetmə məntəqəsindən 300 metr aralıda dalğıc-xilasedicilər tərəfindən xilas edilərək təhlükəsiz əraziyə çıxarılıblar.