Ermənistan məhsullarının Rusiyaya ixracına qoyulan mövcud məhdudiyyətlər qüvvədə qalarsa, ölkənin Avrasiya İqtisadi İttifaqına (Aİİ) üzvlüyü mənasını itirir.
Bunu parlamentin iqtisadi məsələlər üzrə komissiyasının sədr müavini, hakim “Vətəndaş müqaviləsi” partiyasının üzvü Babken Tunyan deyib.
Onun sözlərinə görə, Ermənistanın Aİİ-yə üzvlüyündən əldə etdiyi əsas fayda böyük bazara çıxış imkanı idi:
“Ermənistan 2013-cü ilə qədər Aİİ-yə daxil olmağı planlaşdırmırdı, lakin sonra təşkilata qoşulmaq barədə qərarı qəbul edildi və əsas arqument qarşımızda nəhəng bir bazarın açılması idi”.
B.Tunyan qeyd edib ki, əgər indi Rusiya bazarı Ermənistan üçün bağlanırsa və paralel olaraq Aİİ-nin ayrı-ayrı məhsul növlərinə münasibətdə qaydaları “əlləri bağlayırsa”, o zaman “bundan sonrakı üzvlüyün məqsədəuyğunluğu barədə sual yaranır”.
“Əgər biz həqiqətən də məqsədyönlü siyasi sanksiyalarla üz-üzəyiksə, bu o deməkdir ki, Ermənistanın Aİİ-yə üzvlüyü artıq mənasını itirir. Bu sual ritorik deyil”, – B.Tunyan deyib.