Azərbaycan Texniki Universiteti (AzTU) “Times Higher Education (THE) World University Rankings 2027″də yenidən yer alaraq qlobal ali təhsil məkanında mövqeyini qoruyub.
AzTU Azərbaycandan reytinqə daxil olan 5 universitetdən biridir.
Universitetin bu nüfuzlu beynəlxalq reytinqdə ardıcıl təmsil olunması elmi-tədqiqat potensialının inkişafı, akademik keyfiyyətin yüksəldilməsi və institusional imkanların gücləndirilməsi istiqamətində həyata keçirilən sistemli fəaliyyətin nəticələrini əks etdirir.
“Times Higher Education World University Rankings” universitetləri beş əsas istiqamət – tədris, tədqiqat mühiti, tədqiqat keyfiyyəti, sənaye ilə əməkdaşlıq və beynəlxalq perspektiv üzrə qiymətləndirir. Bu göstəricilər universitetlərin akademik fəaliyyətini, tədqiqat nəticələrinin təsirini və beynəlxalq inteqrasiya səviyyəsini kompleks şəkildə dəyərləndirir.
Son illərdə AzTU-da tədqiqat və innovasiya ekosisteminin inkişafı, yüksək keyfiyyətli elmi nəşrlərin təşviqi, beynəlxalq tərəfdaşlıqların və universitet–sənaye əməkdaşlığının genişləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Universitet elmi fəaliyyətin keyfiyyətinin və təsirinin artırılması, innovasiya potensialının gücləndirilməsi və qlobal akademik məkanda mövqeyinin daha da möhkəmləndirilməsi istiqamətində fəaliyyətini davam etdirir.