Bu ilin yanvar-sentyabr aylarında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsində 373 cinayət işi başlanılıb.
Həmin cinayət işləri vergi ödəməkdən yayınma, əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işçilərin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi, saxta aksiz markalarını hazırlama, əldə etmə, saxlama, satma, habelə aksiz markası ilə markalanmalı olan məhsulları (malları) saxta aksiz markaları ilə markalama, saxlama və ya satma, aksiz markaları ilə markalanmalı olan məhsulları (malları) belə marka olmadan satma, qanunsuz pul köçürülməsi fəaliyyəti ilə məşğul olma faktları üzrə açılıb.
Hesabat dövründə 71 nəfər barəsində 73 cinayət işi üzrə ittiham aktı baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib. İcraatına xitam verilmiş 36 cinayət işi, o cümlədən cinayət işinin başlanılması rədd olunmuş 89 material və ibtidai istintaqı tamamlanmış 15 cinayət işi üzrə 19 milyon 948,7 min manat vurulmuş ziyanın dövlət büdcəsinə ödənilməsi təmin edilib. Bundan əlavə, hesabat dövründə icraatı davam edən cinayət işləri və materiallar üzrə büdcəyə ümumilikdə 25 milyon 188,3 min manat vurulmuş ziyanın ödənilməsi təmin olunub.