Azərbaycanda I yarımildə 35 sahibkara “Startap” şəhadətnaməsi verilib

Azərbaycanda I yarımildə 35 sahibkara “Startap” şəhadətnaməsi verilib

Bu ilin I yarısında İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) “Startap” şəhadətnaməsi almaq üçün mikro və kiçik sahibkarlıq subyektlərindən 87 müraciət daxil olub.

Müraciətləri müvafiq sənədin verilməsi üzrə yaradılmış Ekspertlər Şurası Nazirlər Kabinetinin 29 yanvar 2021-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Startapın müəyyən olunması meyarları”na əsasən qiymətləndirib və 35 sahibkara “Startap” şəhadətnaməsinin verilməsi barədə qərar qəbul olunub.

Şəhadətnamə almış sahibkarların 28-i hüquqi, 7-i fiziki şəxsdir. Onların 26-sı Bakı şəhərində, 9-u isə regionlarda fəaliyyət göstərir. Müvafiq sənədi almış sahibkarların 2-si qadındır.

“Startap” şəhadətnaməsi almış layihələr e-ticarət, süni intellekt, fintek, təhsil, ictimai iaşə, nəqliyyat və logistika, elektromobillərin enerji infrastrukturu, sənaye, turizm, biznes proseslərinin rəqəmsallaşdırılması kimi sahələrdə innovativ həlləri əhatə edir.

Ümumilikdə indiyə qədər 282 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib.

Report.