Azərbaycanda daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydiyyatı 4 % artıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 275 min 976 mülkiyyət hüququnun dövlət qeydiyyatı aparılıb.

Məlumata görə, bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 4 % çoxdur.

9 ayda qeydiyyata alınmış mülkiyyət hüququnun 51 427-si (19 %) ilkin, 224 549-u (81 %) isə təkrar qeydiyyatın payına düşüb.

Hesabat dövründə daşınmaz əmlak üzərində mülkiyyət hüququnun ilkin dövlət qeydiyyatı üzrə 3,4 %, alqı-satqı üzrə 13,1 %, vərəsəlik üzrə 5,4 %, bağışlama üzrə 13 %, digər əməliyyatlar üzrə aparılan qeydiyyatların sayında isə 17,4 % artım müşahidə olunub.

Eyni zamanda, əvvəllər yaranmış hüquqlar üzrə qeydiyyatların sayında isə 30,1 % azalma qeydə alınıb. Bu temp əsasən “Torpaq münasibətlərinin tənzimlənməsi ilə bağlı bəzi məsələlər haqqında” ölkə Prezidentinin 7 oktyabr 2021-ci il tarixli fərmanının icrasının yekunlaşması ilə bağlıdır.

Son 1 ildə mülkiyyət hüququnun dövlət qeydiyyatında mənzillər üzrə 2,9 %, fərdi yaşayış və bağ evləri üzrə 16,8 %, qeyri-yaşayış sahələri üzrə 11,6 %, qeyri-yaşayış binaları üzrə 9,3 % artım, çoxmərtəbəli yaşayış binaları üzrə 26,3 %, əmlak kompleksi kimi müəssisələr üzrə 5,6 %, torpaq sahələri üzrə isə 0,7 % azalma olub.

Bu dövrdə qeydiyyata alınan mülkiyyət hüquqlarının 81 239-u Bakı şəhərinin, qalan hissəsi isə bölgələrin payına düşüb.

Yanvar-sentyabr aylarında 49 646 ipoteka və 5 692 yüklülüyün (icarə və istifadə) dövlət qeydiyyatı aparılıb. Bu isə ötən ilin eyni dövrünə nisbətən 10,9 % və 11,5 % artım deməkdir.

9 ayda daşınmaz əmlak obyektləri üzrə texniki pasportların sayı isə 2,5 % artaraq 193 414 olub.