Azərbaycanda çəltik sahələrinin sığortalanması avqustun 20-dək davam edəcək

Azərbaycanda çəltik sahələrinin sığortalanması avqustun 20-dək davam edəcək

Azərbaycanda dövlət dəstəyi ilə tətbiq edilən aqrar sığorta mexanizmi çərçivəsində çəltik sahələrinin sığortalanması avqustun 20-dək davam edəcək.

Bu barədə “Report”a Aqrar Sığorta Fondundan məlumat verilib.

Bildirilib ki, fermerlər və təsərrüfat rəhbərləri çəltik əkinlərini dövlət dəstəyi ilə müxtəlif risklərdən sığortalaya bilərlər.

Hazırda Azərbaycanda 10-dan artıq rayonda yüzlərlə fermer tərəfindən 5 min hektardan çox sahədə çəltik becərilir. Əkinlərin əsas hissəsi Mərkəzi Aran və Lənkəran-Astara iqtisadi rayonlarının payına düşür. Mərkəzi Aranda 2 900 hektara yaxın, Lənkəran-Astara iqtisadi rayonunda 1 140 hektar, Salyan rayonunda isə 970 hektar sahədə çəltik əkilir.

Ən böyük çəltik sahələri Ucar (1 275 hektar), Salyan (972 hektar), Ağdaş (718 hektar) və Lənkəran (662 hektar) rayonlarındadır. Bundan başqa, Zərdabda 380 hektar, Göyçayda 372 hektar, Astarada 306 hektar, Masallıda 179 hektar, Yevlaxda isə 146 hektar sahədə çəltik becərilir.

Aqrar sığorta mexanizmi çərçivəsində çəltik sahələri dolu, fırtına, qasırğa, sel və subasma, vəhşi heyvanların hücumu, üçüncü şəxslərin hərəkətləri və digər risklərdən sığortalanır.

Sığorta haqqının 50 %-i dövlət tərəfindən ödənilir. Nəticədə 1 000 manat dəyərində çəltik məhsulunun sığortalanması fermerə Ağdaş rayonunda 6 manata, Lənkəranda isə 5,7 manata başa gəlir.

Orta məhsuldarlıq və məhsulun qiyməti nəzərə alınmaqla, 1 hektar sahədən gözlənilən təxminən 10 min manatlıq çəltik məhsulunun sığortalanması üçün fermer 55–60 manat ödəyir.

Məlumata görə, Aqrar Sığorta Fondu indiyədək 460 hektar çəltik sahəsinə dəymiş zərər üzrə ümumilikdə 112 min manat sığorta ödənişi həyata keçirib.

Report.