Azərbaycanda avtomobillərin rəqəmsal pasportlaşdırılması gündəmə gətirilməlidir.
Bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İctimai Şurasının üzvü Fərid Kazımov Bakıda keçirilən “Təhlükəsiz mobilliyə doğru” adlı tədbirdə bildirib.
Onun sözlərinə görə, bu, yalnız aidiyyəti dövlət qurumlarının deyil, ümumiyyətlə, dilerlərin və istifadəçilərin çıxışı ola biləcəyi bir platforma olmalıdır: “Orada avtomobil ölkəyə daxil olan zaman bütün məlumatlar, təmir məsələləri, qəzalar, avtomobilin sürücüləri kimlər olub və sair qeyd edilməlidir. Belə bir rəqəmsal pasport olsa, zənnimcə, çox yaxşı olar. Bu model artıq Avropada tətbiq olunur. Bu nəyə kömək edəcək? Məsələn, kimsə avtomobili servisdə təmir etdirirsə, həmin servisin təmir məlumatlarını rəqəmsal pasporta daxil etməsi üçün imkanlar yaradılmalıdır. Bu, avtomobil bazarını “boz kölgədən” bir az daha şəffaf müstəviyə çıxara bilər”.