Bu ilin yanvar-iyul aylarında Azərbaycanda haqsız rəqabətlə bağlı 37 subyekt haqqında araşdırma aparılıb.
Bunu Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin şöbə müdiri Şahin Nağıyev qurumun təşkil etdiyi “Haqsız rəqabət sahəsində tənzimləmələr və təbii inhisar sahəsində dövlət nəzarəti” adlı tədbirdə bildirib.
O bildirib ki, bu araşdırmaların gedişatında artıq 14 subyekt pozuntuları könüllü şəkildə aradan qaldırıb: “Müraciət edənlərin haqsız rəqabətə məruz qalma hallarının aradan qaldırıldığı nəzərə alınaraq, bu faktlar qeydiyyata alınıb. Digər məsələlər üzrə isə 20 subyekt barəsində rəqabət qanunvericiliyinin pozulması əlamətləri üzrə iş qaldırılıb və həmin işlərə baxılması yekunlaşıb. İşlərin ən çox qaldırılma səbəbi 25 əmtəə nişanından qanunsuz istifadə ilə bağlıdır. Bu tendensiya beynəlxalq təcrübədə də özünü göstərir və dünyada üstünlük təşkil edir”.